Atmosfer yağıntıları
Atmosfer yağıntıları — buludlardan damcı (yağış) və ya bərk halda (qar, dolu) yerə tökülən və havadan yer səthinə və ya əşya üstünə çökən (şeh, qırov) su. Yağıntının miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. Atmosfer yağıntıları Yer kürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır.
Azərbaycanda yağıntıların miqdarı və rejimi müxtəlifdir. Yağıntının orta illik miqdarı 110 mm-dən (Puta) 1750 mm-ə qədər (Kəkiran, Lənkəran) dəyişir. Atmosfer yağıntıları hava və iqlimin mühüm elementlərindən olub kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malikdir. Atmosfer yağıntıları xüsusi cihazlarla (yağışölçən, plüvioqraf və s.) ölçülür.
Respublika ərazisində yağıntıların miqdarındakı böyük fərqlər relyef xüsusiyyətləri, dağ silsilələrinin hündürlük fərqi, yamacların dikliyi və səmtinin müxtəlifliyi, böyük su hövzələrinə yaxınlıq və verilmiş ərazi üçün səciyyəvi olan atmosfer dövranı ilə qarşılıqlı əlaqələrlə izah edilir. İlin soyuq dövründə (noyabr-mart) ən az yağıntı Kür-Araz ovalığında - Kür çayı vadisində, xüsusilə də qərb hissədə 150 mm, bəzi yerlərdə isə 100 mm-dən az olur. Böyük Qafqazın şimal-şərq yamacında bu kəmiyyət 250 mm, cənub yamacda 350 mm və daha çox, Kiçik Qafqazın şimal və cənub hissələrində müvafiq olaraq 150–200 mm, Naxçıvanda 300 mm, Talış dağlarında isə 1600 mm-dən çox olur.